Daha çox prodüser fəaliyyəti ilə tanınan Emin Əfəndi “Neftçi” Peşəkar Futbol Klubunun yeni mətbuat katibi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
15 noyabr 1978-ci ildə anadan olan Emin Əfəndi 1996-cı ildə 210 nömrəli məktəbi bitirib. O, elə həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.
Peşəkar karyerasına ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan “De, Gəlsin” meyxana verilişinin aparıcısı, daha sonra “Space TV”də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub. Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub. 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. ATV telekanalında yayımlanan “Böyük Səhnə” verilişində münsif heyətində yer alıb. Vitali Kliçko, Roberto Karlos, Demis Russos kimi məşhur ulduzların qonağı olduğu “Bizim kimi” verilişinin layihə rəhbəri və aparıcısı olub. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.
Hazırda Azərbaycan Respublikasının xalq artisti Miri Yusifin prodüseri olan Emin Əfəndi bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.
Xatırladaq ki, iki gün əvvəl “Neftçi”nin yeni strukturu təsdiqlənib. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimli təyin olunub.


