Emin Nuri karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Nuri peşəkar futbolçu karyerasını başa vurmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi İsveçin “Kalmar” klubunun rəsmi saytı məlumat yayıb.

İsveç çempionatında cari mövsümün başa çatması ilə 36 yaşlı futbolçunun da peşəkar oyunçu karyerası bitmiş olacaq. Bu komandada keçirdiyi 13 mövsüm ərzində 250-dən çox oyun keçirmiş müdafiəçi klub saytına açıqlama da verib. O, “Kalmar”da keçirdiyi illərin unudulmaz olduğunu bildirib. Emin, ona dəstək olan hər kəsə təşəkkür edib:

“Kalmar”da keçirdiyim bu fantastik dönəmin hər saniyəsindən zövq almağa çalışdım. Burada mənə dəstək olan hər bir kəsə təşəkkürümü bildirmək istəyərdim. Komanda yoldaşlarıma, məşqçilərimə, klubda çalışan hər kəsə, xüsusən də tərəfdarlarımıza minnətdaram. Göstərdiyiniz dəstək və sevgiyə görə çox sağ olun. Qarşıda mövsümün son iki turu var. Bu oyunlarda da birlikdə nəyəsə nail olmağa çalışacağıq”.

Emin Nuri 1985-ci ildə Bolqarıstanda dünyaya göz açıb. Amma o, futbolçu karyerasına İsveçdə başlayıb. 1996-cı ildən “Östers”də bu oyunun sirlərinə yiyələnməyə başlayan müdafiəçi, 2004-cü ildə bu klubun əsas komandasında debüt edib. O, 2008-ci ilə qədər bu komandada 82 matça çıxıb, 2 qol da vurub. Həmin illərdə Nuriyə İsveçin U-21 komandasından da dəvət gəlib. Gənc futbolçu 2006-cı ildə bu komandada 2 rəsmi oyuna çıxıb.

2008-ci ildə Emin “Kalmar”a transfer olunub. Məhz bu komandadakı çıxışı sayəsində o, Azərbaycan millisinə də dəvət alıb. 2014-cü ildə yığmamızın həmin dövrdəki baş məşqçisi Berti Foqts Nurini millimizə çağırıb. Almaniyalı mütəxəssis sağ cinah müdafiəçisini Özbəkistanla yoxlama matçında sınaqdan keçirib. Lakin o, sonralar yığmamızda oynamaq şansı qazanmayıb.

Emin “Kalmar”da indiyə qədər 263 rəsmi oyuna çıxıb. İsveç çempionatında cari mövsümün başa çatmasına iki tur qalıb. Nurinin son oyunlardan da hansındasa iştirakı istisna deyil. O, bu mövsüm ölkə çempionatında cəmi yeddi oyuna çıxıb. “Kalmar” cari mövsümdə keçirdiyi 28 oyunda 47 xal toplayıb və 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.