Jurnalist Fabrisio Romano əmindir ki, “Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq qovulmaq təhlükəsi ilə üz-üzə deyil.
Arena.az məlumat verir ki, Romano müvafiq məlumatı çox etibarlı bir mənbədən əldə edib:
“Mən sizə zəmanət verə bilərəm ki, Ten Haq “Mançester Yunayted”də əsas adam olaraq qalır və heç kim ona etimadsızlıq etmir, ona görə də vəziyyət yüz faiz nəzarət altındadır.
O, risk zonasında deyil. Hələlik onun ətrafında heç nə baş vermir, vəziyyət tamamilə sakitdir”, – Fabrisio Romano podkastında bildirib.
Xatırladaq ki, mankunianlar mövsümə heç də gözlənilən kimi yaxşı başlamayıblar. İngiltərə çempionatının 6 turundan sonra “qırmızı şeytanlar” 9 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıblar. “Mançester Yunayted” 3 oyunda qalib gəlib, 3 oyunda isə məğlub olub, top fərqi isə 7:10 nisbətindədir. Ten Haqın yetirmələri Çempionlar Liqasına da uğursuz başlayıblar. Açılış turu çərçivəsində Münhendə keçirilmiş oyun “Bayern”in 4:3 hesablı qələbəsi ilə bitib.
Vurğulayaq ki, hesab aldadıcıdır, belə ki, oyun səviyyəsi və futbol keyfiyyəti baxımından alman komandası “qırmızı şeytanlar”dan bir baş üstün oyun sərgiləmişdi.
Ten Haq “Mançester Yunayted”in 2022-ci ilin iyulundan çalışdırır. Bu müddət ərzində holland mütəxəssis komandanın portuqal superulduzu, hücumçu Kristiano Ronaldonu klubdan didərgin salmağa macal tapıb. Ötən mövsüm isə “qırmızı şeytanlar”a İngiltərə Premyer Liqasının bürünc mükafatını, həmçinin İngiltərə Liqa Kubokunu qazandırıb.


