Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 30-cu turu “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Ozobiç “Neftçi” forması ilə Azərbaycan çempionatlarında 15-ci qolunu vurub. Xorvatiya əsilli yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Zirə” ilə ev oyununa təsadüf edib. O, məğlub olduqları (2:4) oyunda hesabı açıb.
Ozobiç karyerasında 3-cü klubla Premyer Liqada 15 və daha çox qol vurub. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.
Filip Ozobiç ölkə çempionatları tarixində 3 fərqli klubda məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçu olub. Onadək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və ya daha çox qola imza atıb.
Mütləq rekord isə Nazim Əliyevə məxsusdur. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq göstərib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyətini alıb. “Zirə”yə 2:4 hesabı ilə uduzan “ağ-qaralar” öz meydanındakı 473-cü görüşdə 75-ci dəfə xalsız qalıb. Bu qarşılaşmada buraxılan ilk top isə qonaqların 350-ci qolu olub.


