Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu iki futbolçusu – Georgi Kantariya və Adil Nağıyevlə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariyanın müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib. Hər iki oyunçunun komandadan ayrılma səbəbi göstərilməyib:
“Müqavilələrə xitam verilməsinin səbəbləri barədə klub hal-hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. Ümid edirik ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər”, deyə klubun yaydığı açıqlamada qeyd olunur.
Vaxtilə “Kəpəz”də də oynamış Georgi Kantariya bu mövsümün əvvəlindən “Şamaxı”nın uğurları üçün çalışırdı. Gürcü yarımmüdafiəçi əyalət klubunun heyətində 15 oyuna çıxıb, 2 qol da vurub. 27 yaşlı futbolçunun “Şamaxı” ilə cari mövsümün sonunadək nəzərdə tutulmuş müqaviləsi vardı.
Kantariyanın “Şamaxı”dan əvvəlki sonuncu klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda “Kəpəz” klubunun da formasını geyinib. Yarımmüdafiəçi 2022/2023 mövsümündə Gəncə təmsilçisinin heyətində 33 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Georgi Kantariya karyerası ərzində “Neman” (Qrondo), “Telavi”, “Zuqdidi” kimi klubların da formasını geyinib. O, vaxtilə Gürcüstanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Müdafiəçi Adil Nağıyev də bu mövsümün əvvəlindən “Şamaxı”da çıxış edirdi. 29 yaşlı oyunçunun da bu klubla 2025-ci ilin yayına kimi müqaviləsi vardı. Mərkəz müdafiəçisi cari mövsümdə 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib.
Adil Nağıyev 2022-ci ilin avqust ayından həmin ilin dekabrına qədər icarə əsasında da “Şamaxı”da forma geyinib. Həmin vaxt o, bu komandanın heyətində 18 oyuna çıxıb.
Nağıyev daha öncə “Səbail”, “Zirə”, “Sumqayıt” və AZAL-da da forma geyinib. Müdafiəçi Azərbaycanın U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.



