Həsrət Cəfərov və Murad Məmmədov dünya ikincisi oldular

Azərbaycanın yunan-Roma güləşçiləri – Murad Məmmədov və Həsrət Cəfərov Serbiyadakı dünya çempionatında gümüş əldə ediblər.

Arena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançeslə güləşib. Hesabda 3:1 önə keçən gənc güləşçimiz bu üstünlüyünü sonadək qoruya bilməyib. 3:4 hesablı məğlubiyyət Cəfərovun dünya ikincisi olmasıyla nəticələnib.

Xatırladaq ki, Həsrət Cəfərov ötən gün əvvəlcə meksikalı Edson Qutyerə qalib gəlmişdi – 8:0. İstedadlı pəhləvanımız 1/8 finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlmişdi – 5:1. Cəfərov 1/4 finalda iranlı olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşmış və titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gəlmişdi. Bununla Həsrət 2 il əvvəlki məğlubiyyətin də revanşını almışdı. Milli üzvü yarımfinalda isə gücünü ermənistanlı Slavik Qalstyana göstərmişdi – 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Cəfərov həm də ölkəmizə olimpiya lisenziyası qazandırmışdı.

63 kq-da yarışan Murad Məmmədov isə bu gün finalda Gürcüstan təmsilçisi Leri Abuladzeyə uduzub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olan 28 yaşlı pəhləvanımız gümüş medalı boynundan asıb.

Ötən gün mübarizəyə 1/8 finaldan qoşulan Murad amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanmışdı. Finalın bir addımlığında serbiyalı Georgi Tibilovla qarşılaşan Məmmədov 4:1 hesablı qələbəyə sevinmişdi.

İslam Abbasov həm “bürünc”ü, həm də Olimpiadaya lisenziyanı əldən verdi

Bu gün daha bir güləşçimiz – İslam Abbasov da bürünc medal uğrunda qarşılaşmaya çıxıb. 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bir gün öncə moldovalı Viorel Burduyaya 5:1 hesabıyla qalib gələrək 1/16 finala yüksəlmişdi. Güləşçimiz əlcəzairli Baxir Sid Azaranı isə sonuncu xal prinsipinə əsasən (1:1) üstələmişdi. Ancaq 1/8 finalda macarıstanlı David Losontsi ilə bacarmamışdı – 0:8. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşlərdə iştirak hüququ qazanmışdı. İslam bu gün əvvəlcə qırğızıstanlı Azat Salidinovdan (5:1), daha sonra isə belaruslu Kiril Maskeviçdən (6:1) güclü olub. Güləşçimiz bürünc medal uğrunda bolqarıstanlı Semyon Novikovla qarşılaşıb. Lakin bu görüşdə məğlub olan (0:6) Abbasov medal qazanmaq şansını əldən verib.

İslam Abbasov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün daha bir qarşılaşmada iştirak edib. O, qazaxıstanlı Nursultan Tursunovla üz-üzə gəlib. Rəqibinə uduzan (0:8) Abbasov Olimpiadaya lisenziya qazana bilməyib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanmışdılar. Sənan Süleymanov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə etmişdilər.