Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 26-cı tur çərçivəsində səfərdə “Hammarbü” ilə üz-üzə gəlib.
Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. “Qarabağ”ın rəqibi bu oyunda əzmkar heç-heçəyə nail olub. Belə ki, 44 və 61-ci dəqiqələrdə (penaltidən) buraxılan qollarla məğlub duruma düşən bu komanda 69-cu dəqiqədə fərqi azaldıb. Edvard Çilufya fərqlənib. 90+5-ci dəqiqədə isə Momodu Sonko qonaq komandanı məğlubiyyətdən xilas edən qola imza atıb.
“Hakken” bu mövsüm keçirdiyi 26 oyunda 51 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.