Hansi Flik İlkay Gündoğanın “Barselona”dakı gələcəyindən danışdı

“Barselona”nın baş məşqçisi Hansi Flik yarımmüdafiəçi İlkay Gündoğanın bu klubdakı gələcəyi ilə bağlı jurnalistlərin suallarını cavablayıb.

Arena.az xəbər verir ki, alman mütəxəssis əslən Türkiyədən olan həmyerlisi barədə bunları dilə gətirib:

“İlkay bazar ertəsi yüngül zədə aldı, ona görə də onu evdə buraxmaq qərarına gəldik (Gündoğan İspaniya La Liqasının 1-ci turunun “Valensiya” ilə oyununda (2:1) “Barselona”nın heyətində yer almayıb – redaktorun qeydi). Onunla danışdım. Gündoğanı çox yaxşı tanıyıram, qiymətləndirirəm. İlkayın qalacağını hiss edirəm”, deyə Hansi Flik bildirib.

Qeyd edək ki, mətbuatda, Gündoğanın, “blauqrana”nın düşərgəsini etmək niyyətini məşqçilər qərərgahına söylədiyi, klub rəhbərliyinin isə buna qarşı olmadığı barədə məlumat yayılıb. Onunla ərəb klublarının, həmçinin Türkiyə təmsilçisi “Fənərbaxça”nın maraqlandığı barədə xəbərlər var.

Xatırladaq ki, İlkay Gündoğan “Barselona”ya 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Gündoğan “Barselona”nın heyətində 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.

İlkay 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. Gündoğan uzun illər “şəhərlilər”in kapitanı olub.

İlkay Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum”, “Borussiya” (Dortmund) klublarda da çıxış edib.

İlkay kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 82 oyuna 19 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: