İtaliya kubokunun formatı dəyişdirildi

Futbol üzrə İtaliya kubokunun formatı dəyişdirilib.

Arena.az xəbər verir ki, yeni mövsümdən etibarən bu turnirdə 40 komanda mübarizə aparacaq.

Onlardan 20-si A Seriyası, 16-sı B Seriyası, qalan 4 komanda isə C və D Seriyasından olacaq. Turnirin yarımfinalına qədər bütün oyunlar bir mərhələdən ibarət olmaqla keçiriləcək.

İtaliya kubokunun əvvəlki formatında C Seriyasından 27, D Seriyasından isə 9 klub yarışa qatılırdı.

İtaliya kubokunun 2020/21 mövsümünün qalibi “Yuventus” klubu olub. Turin təmsilçisi bütövlükdə 14 dəfə bu turnirin qalibi olub. İkinci yerdə 9 dəfə bu uğura imza atmış “Roma” qərarlaşıb. “İnter” və “Latsio” isə 7 dəfə ölkə kubokunu qazanıb.