Joze Mourinyo məktəb müəllimi kimi təcrübəsindən danışdı

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo məktəb müəllimi kimi təcrübəsindən söhbət açaraq, bu işindən əldə etdiyi səmərədən danışıb.

Arena.az “GamePlan A” dərgisinə istinadən Mourinyonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Peşəkar futbolçu olmamışdan əvvəl, məktəb müəllimi işlədiyim və müxtəlif mövzularda çox şey öyrəndiyim dövr olub. Mən daun sindromlu uşaqlara da dərs deyirdim. Bu, mənə çox şeyi başa salan heyrətamiz bir təcrübə idi”, deyə “Mour” xatırlayıb.

Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).

Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: