Kayl Uoker “Mançester Siti”də qaldı – Rəsmi

İngiltərə çempionu “Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uoker “şəhərlilər”lə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə Premyer Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.

Klub nümayəndələri və futbolçunun agentləri arasında əməkdaşlığın davam etdiriliməsi mövzusunda danışıqlar müsbət yekunlaşıb.

Uokerə Almaniya çempionu “Bayern” tərəfindən ciddi marağa rəğmən, o, “Mançester Siti”də qalmağa qərar verib. 33 yaşlı ingilisin klubu ilə əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi. Yeni müqaviləyə əsasən o, 2026-cı ilin 30 iyununa kimi bu komandada qalacaq.

Xatırladaq ki, Kayl Uoker “Mançester Siti”yə 2017-ci ilin iyul ayında “Tottenhem”dən 52,7 milyon avro müqabilində keçib. O, indiyə qədər “şəhərlilər”in heyətində 260 oyun keçirib, 6 qol vurub, 18 məhsuldar ötürmə edib.

Uoker ötən mövsüm “Mançester Siti”nin heyətində 39 oyunda meydana çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib. O, komandası ilə “trebl”ə imza atıb – İngiltərə Premyer Liqasını, Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Uoker “Mançester Siti” ilə 5 dəfə İngiltərə çempionu olub. O, İngiltərə Liqa Kubokunda 4, Federasiya Kubokunda və İngiltərə Super Kubokunda 2 dəfə zəfər sevinci yaşayıb. Artıq onun titul kolleksiyasında UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Super Kuboku da var.

İngilis futbolçu karyerası ərzində “Şeffild Yunayted”, “Northempton Taun”, “Tottenhem”, KPR və “Aston Villa” klublarının da formasını geyinib. Müdafiəçi İngiltərə milli komandasında da 78 oyun keçirib, 1 qol vurub.

Xatırladaq ki, bu yay “Bayern”in Uokerlə ciddi maraqlandığı və futbolçunun da Münhenə yollanmaqda maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

“Transfermarkt” internet-portalı Kayl Uokeri 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: