Kenni Sayef: “Azərbaycanda irqçilik, mafiya yoxdur”

“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan – Belçika matçı öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, vaxtilə Belçikada “Anderlext” və “Gent” kimi klublarda çıxış etmiş oyunçu bu ölkənin millisinin Azərbaycan yığmasına qarşı keçirəcəyi matın “Dalğa Arena”ya salınmasına təəccübləndiyini gizlətməyib:

“Qəribədir, bir ildən çoxdur burada oynayıram, amma “Dalğa Arena” haqqında heç vaxt eşitməmişəm. Onlar 6000 yeri doldurmaqla daha yaxşı abu-hava yaratmaq istəyirlər. Beynəlxalq oyunlar insanları stadiona cəlb edir, milli çempionat matçları isə yox. Həmkarlarım stadionun pis vəziyyətdə olduğunu deyirlər. Bu, qonaq komandanı narahat edəcək”.

Azərbaycan barədə müsbət fikirlər səsləndirən 30 yaşlı oyunçu burada braziliyalı futbolçuların çoxluq təşkil etdiyini söyləyib: “Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanıb. Düzdür, liqa o qədər də maraqlı hesab edilmir. Müqaviləmin müddəti başa çatırdı və mənə maraqlı idman layihəsi təklif olunurdu. Ona görə də yoldaşıma dedim ki, gəl cəhd edək. Etiraf edim ki, azərbaycanlılar futbolun təbliği üçün çox səy göstərdilər. Xüsusən də AÇ-2020-nin oyunlarına ev sahibliyi etməklə. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçikadakı kimi yaşayırıq. Onlar çox açıqdırlar. Burada irqçilik yoxdur. Mən hələ belə bir hadisə eşitməmişəm. Əlbəttə ki, qonaq komanda olduğunuzu hiss edəcəksiniz. İzdiham, səs-küy olur, azarkeşlər öz komandalarını dəstəkləyir. Polis 24 saat küçələrdə patrul xidməti göstərir. Burada hətta mafiya da yoxdur. Komanda yoldaşlarımla Ukraynadakı müharibədən və ya buna bənzər hadisələrdən danışmırıq”.

“Yenidən milliyə dəvət almaq yuxu olardı”

İki ölkə futbolunu müqayisə edən Sayef fərqin böyük olduğunu vurğulayıb: “Azərbaycanla Belçika arasında müqayisə aparmaq olmaz. Böyük səviyyə fərqi var. Amma bir neçə ildən sonra böyük futbolçuların Azərbaycanda oynamaq istəyəcəklərinə inanıram. Deyə bilərəm ki, onlar Belçika ilə oynamaq üçün həyəcanlıdırlar. Əllərindən gələni edəcəklər. 100 nəfərdən soruşsanız ki, kim qalib gələcək, hamısı Belçikanın adını çəkəcək. Amma futbolda hər zaman diqqətli olmaq lazımdır. Çünki Azərbaycan millisində yaxşı futbolçular var. Komandamda çıxış edən kapitan Emin Mahmudovu xüsusi tanıyıram. Yığmanın 8 üzvü legionerdir, biri İsveçrədə, biri Türkiyədə oynayır. Ancaq onları yaxşı tanımıram”.

ABŞ millisinin sabiq üzvü Belçikanın heyətində ən təhlükəli oyunçunun adını da çəkib: “Mən onlara Dokunun qarşısıalınmaz olduğunu dedim (gülür). 16 yaşı olanda “Anderlext”də onunla oynamışam. Həqiqətən də xüsusi idi. Həyatımın 6 ilini Belçikada keçirdim. Ora üçün darıxıram. Mən hələ də “Gent”i sevirəm”.

Kenni Sayef yenidən ABŞ yığmasına çağırılmaq arzusunda olduğunu da gizlətməyib: “Bu, yuxu olardı. Son matçım hələ “Anderlext”də olarkən dolu “Uembli” stadionunda İngiltərəyə qarşı olub. Düşünürəm ki, baş məşqçi Azərbaycandakı çıxışlarımı izləyir. Amma milli hazırda çox güclüdür. Heyətdəki yerimi bərpa etmək asan olmayacaq”.

Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan – Belçika oyununa saat 17:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: