Kevin De Bröyne: “Hələ o qədər pul qazanmamışam”

“Mançester Siti”nin və Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Bröyne bir gün Səudiyyə Ərəbistanında da çıxış edəcəyini istisna etməyib.

Arena.az belçikalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mançester Siti” ilə müqaviləmin bitməsinə bir il qalıb. Mən 15 ildən artıqdır ki, futbol oynayıram. Yəqin ki, hələ də Səudiyyə Ərəbistanında qazana biləcəyim qədər pul qazanmamışam. Bəzən gələcəyinlə bağlı qərar verməli olursan, amma mən bunu hələ etməmişəm”, deyə De Bröyne vurğulayıb.

Qeyd edək ki, De Bröyne İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçudur. Bir müddət öncə onun illik qazancının 2,02 milyon avro olduğu açıqlanmışdı.

De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Kevinin Mançester klubundakı karyerası ümumilikdə 382 oyun, 102 qol və 170 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: