Məlum olduğu kimi, 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçi Kevin De Bröyne cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, De Bröyne gələcəyi ilə bağlı sualı cavablayıb:
“Mən yaxşı futbol oynamaq istəyirəm, qərarımın nə olacağından asılı olmayaraq. Bilirəm ki, siz mənim hara keçəcəyimi düşünüb-tapmaq istəyirsiniz, amma qərar mənim olacaq. Uşaqlar, siz bunu, mən bunu biləndə biləcəksiniz.
Mən digər ingilis klubları ilə bağlı nəsə bilmirəm. Hər şey hansı təklifin gələcəyindən asılı olacaq. Mənim ailəm, kiçik uşaqlarım var, mən hamını qane edəcək qərar verməliyəm. Mənim 20 yaşım olanda hər şey ancaq məndən asılı idi, mən çox asanlıqla qərar qəbul edə bilirdim. Amma indi hər şey azacıq mürəkkəbdir”, deyə De Bröyne vurğulayıb.
Xatırladaq ki, daha əvvəl De Bröyenin İngiltərə Premyer Liqasının digrə klublarından birinə keçəcəyi ilə bağlı məlumat yayılmışdı. həmçinin “Liverpul” və “Çelsi”nin De Bröyne ilə maraqlandığı haqda məlumat yayılmışdı.
Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 38 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 420 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.


