“Kuinz Park Reyncers”in (KPR) rəhbərliyi klub maskotu olaraq Cud adlı qara pişik libasında çalışan şəxsi işdən qovub.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Pişik Cudun işi-peşəsi xüsusi libasında stadionda rəqs edib klub azarkeşlərini əyləndirməkdən və komandanı ruhlandırmaqdan ibarət olub. Amma duzlu-məzəli söhbətləri ilə özünü pərəstişkarlarına sevdirmiş bu lotu ara-sıra fürsətdən istifadə edib qadınlarla mazaqlaşmaqda təqsirli bilinir. Pişik Cud xanımlarla rəqsi zamanı məqam düşən kimi qadınları qucaqlayıb onlara sürtüşərək, döşlərini əlləyib, baldırlarına sığal çəkib. Belə məqamlarda o, sonradan münasibət qurmaq məqsədilə xanımların mobil telefon nömrələrini də istəyib.
Pişik Cudsuz qaldıqlarını eşitmiş KPR azarkeşləri isə rəğbət bəslədikləri maskotun işdən qovulmasına mənfi qarşılıq veriblər. Belə ki, xeyli sayda pərəstişkarı olan Pişik Cud azarkeşlərin sevimlisi olub, rəqsləri, şirin söhbətləri ilə tərəfdarların könlünü ovlayıb.



