Kristiano Ronaldo “Əl-Nəsr”in ardıcıl 4-cü qələbəsindən yazdı

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo komandasının “Əl-Vəhda” ilə səfər oyununda qazandığı qələbəyə münasibətini bildirib.

Arena.az məlumat verir ki, ulduz futbolçu bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb:

“Biz qələbənin dadını saxlayırıq! Gəlin yaxşı çalışmağa davam edək!” – Ronaldo komandasına çağırış edib.

Xatırladaq ki, “Əl-Vəhda”nı 3:1 hesabı ilə məğlub etmiş “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasınıda ardıcıl dördüncü qələbəsini rəsmiləşdirib. Oyundan qollardan birini məhz Ronaldo vurub. Qələbə sayəsində “Əl-Nəsr” 31 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və 4 xal geri qaldığı lider “Əl-Hilal”ı daban-daban təqib edir.

Kristiano Ronaldo cari mövsümdə Səudiyyə Peşəkar Liqasında vurduğu 13 qolla yarışın ən sərrast futbolçusudur. Portuqal hücumçunun həmçinin 7 məhsuldar ötürməsi var və bu göstərici üzrə də Ronaldo liderdir. Beləliklə qol və məhsuldar ötürmə cəminə görə 20 xal toplamış Ronaldo turnirin ən səmərəli futbolçusudur.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 17 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: