Kristiano Ronaldo “Əl-Nəsr”lə ilk titulunu qazandı – Video

Futbol üzrə Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə ilk titulunu qazanıb.

Arena.az xəbər verir ki, onun komandası ərəb klubları arasında keçirilən Çempionlar Kubokunun qalibi olub.

“Əl-Nəsr” final oyununda Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal”la qarşılaşıb. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən matç “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandasının hər iki qolunu Ronaldo vurub. O, 74 və 98-ci dəqiqələrdə fərqlənib. Halbuki, matçda hesabı 52-ci dəqiqədə “Əl-Hilal”ın hücumçusu Mişael açıb.

Ronaldo Çempionlar Liqasında 6 oyuna vurduğu 6 qolla komandasının titul qazanmasından əsas pay sahiblərindən biri olub. Bu yay “Real”dan “Əl-İttihad”a keçən Kərim Benzema isə 3 qolla ikinci yeri tutub.

Xatırladaq ki, Kristiano Ronaldo bu ilin yanvar ayından “Əl-Nəsr”də forma geyinir. O, bu komandada bütövlükdə 25 matça çıxıb, 20 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Ronaldo daha öncə “Real” (438 oyun, 450 qol, 131 assist), “Mançester Yunayted” (346 oyun, 145 qol, 64 assist), “Yuventus” (134 oyun, 101 qol, 22 assist) və “Sportinq”də (31 oyun, 5 qol, 6 assist) də oynayıb. O, kapitanı olduğu Portuqaliya yığmasında da 200 matça çıxıb, 123 qola imza atıb. Hansı ki o, bu göstəricilər üzrə həm də dünya rekordçusudur.

Ulduz futbolçunun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: