Kristiano Ronaldo Asiya Çempionlar Liqasında ilk qolunu vurdu

“Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldo Asiya Çempionlar Liqası çərçivəsində vurduğu ilk qolunu şərh edib.

Arena.az məlumat verir ki, Ronaldo qrup mərhələsinin 2-ci turunda Tacikistanın “İstiklol” komandası ilə ev oyununda (3:1) fərqlənib.

“Bütün komandadan yaxşı oyun! Asiya Çempionlar Liqasında ilk qolumu vurduğum üçün xoşbəxtəm. Biz qalib gəlməkdə davam edirik”, – Ronaldo özünün “X” hesabı üzərindən paylaşıb.

Hazırda “Əl-Nəsr” Asiya Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi iki oyundan sonra 6 xalla qrup lideridir.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Nəsr”də çıxış edir. Kristianonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib, 123 qol vurub və 44 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Portuqal superulduz yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran superulduzu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: