Kristiano Ronaldo “Dieqo Maradona Mükafatı”nı alacaq

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo özünün qənimətlər muzeyini daha bir nüfuzlu mükafatla zənginləşdirəcək.

Arena.az məlumat verir ki, portuqal ulduza “Dubai Globe Soccer Awards 2023” mərasimində “Dieqo Maradona Mükafatı” təqdim ediləcək.

Xatırladaq ki, müvafiq mükafat təqvim ilinin ən sərrast futbolçusuna təqdim edilir. Ronaldo 2023 təqvim ilini 54 qolla zirvədə tamamlayıb. 38 yaşlı veteran futbolçu Kilian Mbappe (52 qol), Harri Keyn (52 qol), Erlinq Haland (50 qol) kimi iddialı hücumçuları üstələyib.

Vurğulayaq ki, daha əvvəl Kristiano 5 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə dekabr ayında “Səudiyyə Ərəbistanı Peşəkar Liqasında Ayın Oyunçusu” mükafatını qazanıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı portuqal veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: