Heyətində Kristiano Ronaldo kimi ulduz futbolçunun da yer aldığı Səudiyyə Ərəbistanı “Əl-Nəsr”i hazırda İranda səfərdədir.
Arena.az xəbər verir ki, Ronaldo və komanda yoldaşları sentyabrın 19-da “Persepolis”lə keçiriləcək Asiya Çempionlar Liqası oyununda iştirak məqsədilə ötən gün Tehrana uçub.
Lakin matç ərəfəsində iranlı azarkeşlər “Əl-Nəsr”i heç də rahat buraxmayıblar. Belə ki, Ronaldonu görmək üçün “Əl-Nəsr”in məskunlaşdığı otelə çoxlu sayda “Persepolis” azarkeşi axışıb. Onlar otelin dəhlizinə soxula biliblər və Ronaldonun adını səsləndirməyə başlayıblar. Mühafizəçilər kütlənin qarşısını ala bilməyiblər, amma superulduzun təhlükəsizliyi üçün onu öz mühafizə bölməsinə aparıblar.
“TasnimSport”un məlumatına görə, bundan əvvəl azarkeşlər Ronaldonu görmək istəyi ilə “Əl-Nəsr”in məşq prosesinə müdaxilə ediblər. Nəticədə qonaq komanda təlimi dayandırmalı olub. Portuqal superulduzun istifadə etdiyi klub avtobusu yolda yüzlərlə azarkeşin müşayiətində olub.
“Tarafdari” dərgisinin məlumatına görə, bu arada “Persepolis” rəhbərliyi klub adından Ronaldoya qiymətli bəxşiş – xalça hədiyyə edib. Gözəl naxışlarla işlənmiş İran xalısı portuqal superulduzun iqamətgahını bəzəyəcək.
Üstəlik, “Persepolis”in prezidenti Reza Dərviş bildirib ki, Ronaldo və “Əl-Nəsr”in digər futbolçularına internetə məhdudiyyətsiz çıxış imkanı olar xüsusi SIM-kartlar təqdim ediləcək.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarında “Mançester Yunayted” rəhbərliyi və komandanın məşqçilər qərargahı ilə anlaşılmazlıq səbəbindən “qırmızı şeytanlar”dan ayrılaraq, “Əl-Nəsr”ə keçib. Ərəbistan klubunda Ronaldo futbolçu transferi zamanı məşqçilər qərargahına təcrübi məsləhətlər vermək və komandanın oyun taktikası ilə bağlı birbaşa fikir yürütmək səlahiyyətinə malikdir. Portuqal superulduz həm də komandanın kapitanı və lideridir.
Ronaldo indiyə qədər “Əl-Nəsr”in heyətində 26 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kristiano Ronaldo 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib, 123 qol vurub və 43 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq futbol rekordudur.
“Transfermarkt” internet-portalı 38 yaşlı Kristiano Ronaldonu 15 milyon avro məbləğində qiymətləndirir.


