Kristiano Ronaldo: “Mən rekordlara əhəmiyyət vermirəm”

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasındakı çıxışını şərh edib.

Arena.az 38 yaşlı superulduzun bu barədə fikirlərini təqdim edir:

“Mən rekordlara əhəmiyyət vermirəm. “Əl-Nəsr”də keçirdiyim vaxtdan zövq alıram. Biz ən güclü və ən yaxşı komanda olmaq üçün çalışırıq”, deyə Ronaldo vurğulayıb.

Xatırladaq ki, dünən, oktyabrın 24-də “Əl-Nəsr” Asiya Çempionalar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Qətərin “Əl-Duhail” komandasını 4:3 hesabı ilə məğlub edib. Ronaldo bu oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində müstəsna xidmət göstərib.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun bu klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 13 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: