Kristiano Ronaldo qol vurdu, “Əl-Nəsr” qalib gəldi – Video

Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 10-cu tur “Əl-Nəsr” – “Damak” oyununun müqəddəratını portuqal superulduz Kristiano Ronaldo həll edib.

Arena.az məlumat verir ki, “Əl-Əvvəl Park” stadionunda keçirilmiş oyun “Əl-Nəsr”in 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Birinci hissənin lap sonlarında, hissənin əsas vaxtına əlavə edilmiş 2-ci təzminat dəqiqəsində Jorj-Kevin N’Kudu hesabı açaraq, “Damak”ı önə çıxarıb. İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə Anderson Taliska “Damak”ın qapısına yol taparaq hesabı bərabərləşdirib. Daha sonra səhnəyə “Əl-Nəsr”in lideri və kapitanı Ronaldo çıxıb. O, 54-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirərək “Əl-Nəsr”i hesabda irəli çıxarıb. Komandaların sonrakı cəhdləri səmərə verməyib və oyun 2:1 hesabı ilə “Əl-Nəsr”in xeyrinə başa çatıb.

9 turun yekunlarına görə, “Əl-Nəsr” 22 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Damak” 10 turdan sonra 10 xalla 11-cidir. Turnir cədvəlinə 10 oyundan 26 xalla “Əl-Hilal” liderlik edir.

Ronaldo bu mövsüm 9 oyunda vurduğu 11 qolla Ərəbistan Liqasının ən sərrast futbolçusudur. Onun hesabında həmçinin 5 məhsuldar ötürmə də var ki, bu göstəricidə Ronaldo çempionatın məhsuldar ötürmələr üzrə lideri, “Əl-Taavun”un ispan mərkəz yarımmüdafiəçisi Alvaro Medranı (6 ötürmə) təqib edir.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun bu klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 12 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: