Dünya futbolunun iki superulduz hücumçusuu – Lionel Messi ilə Kristiano Ronaldo yenidən bir-birinə qarşı oynaya bilər.
Arena.az xəbər verir ki, adıçəkilməyən beynəlxalq marketinq şirkəti bu iki oyunçunun formasını geyindiyi “İnter Mayami” və “Əl-Nəsr” komandaları arasında yoldaşlıq oyunu təşkil etmək niyyətindədir.
Superulduzların da iştirakının nəzərdə tutulduğu yoldaşlıq görüşünün Çində baş tuta biləcəyi təxmin edilir. Müvafiq tədbirdə iştirakla bağlı superulduzlardan hələ cavab gəlməyib. Toplanacaq vəsaitin xeyriyyə məqsədilə sərf ediləcəyini nəzərə alaraq, aparıcı kütləvi infirmasiya vasitələri hər iki məşhur futbolçunun bu yoldaşlıq görüşündə iştirakını istisna etmirlər.
La Liqadan başlayan rəqabət
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Nəsr”də çıxış edir. Onun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 8 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar verib. Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib, 123 qol vurub və 44 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Portuqal superulduz yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
Lionel Messi isə bu yay transfer pəncərəsində PSJ-dən azad agent qismində MLS təmsilçisi “İnter Mayami”yə keçib. Argentinalının ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Messi “İnter Mayami”nin heyətində 12 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. O, “vağlar”la Liqalar Kubokunu (2023) qazanıb və ABŞ Açıq Kubokunun (2023) finalçısı olub.
Messi hazırda kapitanı olduğu, 2005-ci ilin avqust ayının 17-də debüt etdiyi Argentina yığmasının heyətində 176 oyun keçirib, 104 qol vurub, 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Əvvəllər Ronaldo və Messi İspaniya çempionatında çıxış ediblər. Portuqal superulduz “Real”ın, argentinalı superulduz isə “Barselona”nın heyətində başlamaqla, dünya futbol tarixinin bu gün də davam edən ən qaynar rəqabətlərindən birinə rəvac veriblər.


