Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 12-ci turu çərçivəsində “Əl-Xəlic”lə qarşılaşıb.
Ər-Riyadın “Əl-Əvval Park” stadionunda keçirilmiş oyun “Əl-Nəsr”in 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. 26-cı dəqiqədə məhz Ronaldo oyunda hesabı açaraq “Əl-Nəsr”i önə çıxarıb. Bu, Kristianonun karyerasında 863-cü qol olub. Amma həmçinin portuqal hücumçunun 30 yaşından sonra vurduğu 400-cü yubiley qolu olaraq əlamətdar olub. İkinci hissədə, 58-ci dəqiqədə Emerik Laport meydan sahiblərinin üstünlüyünü artırıb – 2:0.
Beləliklə, 12 turdan sonra “Əl-Nəsr” çempionatın turnir cədvəlində 28 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Xəlic” isə 10 xalla 15-ci yerdədir. Turnir cədvəlinə 32 xalla “Əl-Hilal” başçılıq edir.
Kristiano Ronaldo cari mövsümdə Səudiyyə Peşəkar Liqasında vurduğu 12 qolla yarışın ən sərrast futbolçusudur. Portuqal hücumçunun həmçinin 7 məhsuldar ötürməsi var və bu göstərici üzrə də Ronaldo liderdir. Beləliklə qol və məhsuldar ötürmə cəminə görə 19 xal toplamış Ronaldo turnirin ən səmərəli futbolçusudur.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 16 oyuna çıxıb, 15 qol vurub, 9 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


