Futbol üzrə Mərakeş millisi ardıcıl qazandığı qələbələrin sayına görə İspaniya yığma komandasına məxsus olan dünya rekordunu qırıb.
Arena.az xəbər verir ki, Valid Reqraqinin baş məşqçisi olduğu komanda bunu DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Konqonu 1:0 hesabı ilə məğlub etməklə reallaşdırıb.
Bu, mərakeşlilərin ardıcıl 16-cı qələbəsidir. Buna qədərki rekord İspaniya yığmasına məxsus idi. Sözügedən komanda vaxtilə ardıcıl 15 oyunda qələbə qazanmaqla rekordçu idi. İspanlar bu rekordu 2008-2009-cu illər aralığında rəsmiləşdirmişdilər.
Mərakeş yığması isə son olaraq 2024-cü ilin mart ayında Mavritaniya ilə yoxlama oyununda qələbə qazana bilməyib – 0:0. Komanda ondan sonra keçirdiyi bütün görüşlərdən zəfərlə ayrılıb.
19 aylıq bu müddət ərzində Mərakeş millisi rəqiblərinin qapısından 50 qol keçirib, özü isə cəmi 4 qol buraxıb.
Xatırladaq ki, mərakeşli futbolçular DÇ-2026-nın seçmə mərhələsində də ardıcıl qələbələr qazanmaqla növbəti dünya çempionatına vəsiqəni təmin ediblər.


