Martin Edeqor cari mövümün ən yaxşısıdır

“Arsenal”ın norveçli hücumameylli yarımmüdafiəçisi Martin Edeqor iki statistik göstəriciyə görə cari mövsümdə ən yaxşı nəticəyə sahibdir.

Arena.az “Squawka” dərgisinə istinadən məllumat verir ki, Edeqor yaratdığı qol vəziyyətlərinin və cərimə meydançasına ötürmələrin sayına görə Avropanın 7 aparıcı liqasının təmsilçiləri arasında cari mövsümün ən yaxşı futbolçusudur.

Martin Edeqor cari mövsümdə 61 qol vəziyyəti yaradıb. Fevralın 11-də Premyer Liqanın 24-cü turunun “Vest Hem”lə səfər oyununda norveçli yarımmüdafiəçi 7 qol imkanı yaradıb, 2 məhsuldar ötürmə verib. “Arsenal” bu oyunda rəqibini 6:0 hesabı ilə darmadağın edib.

Həmçinin “topçular”ın kapitanı meydandan cərimə meydançasına uğurlu ötürmələrin sayına görə Avropanın aparıcı çempionatlarından mövsümün ən yaxşı nəticəsinə sahibdir – 22 ötürmə.

Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb. Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Edeqor “topçular”ın heyətində ümumilikdə 135 oyun keçirib, 31 qol vurub, 21 məhsuldar ötürmə verib. Cari mövsümdə Martin “Arsenal”ın heyətində bütün yarışlarda 30 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.

Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 55 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.