Toral Bayramov “Qarabağ”ı “Bursaspor”a dəyişdi

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın sol cinah müdafiəçisi Toral Bayramov Türkiyənin “Bursaspor” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə “Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

“Qarabağ” 25 yaşlı oyunçunun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xatırladaq ki, “Bursaspor” səviyyəcə üçüncü çempionat hesab edilən İkinci Liqada 2025/2026-cı illər mövsümünü lider kimi başa vurub və Birinci Liqaya vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: