Mats Hummels “Real”ı tənqid etdi: “Hörmətsizlikdir”

“Roma”nın müdafiəçisi Mats Hummels “Real”ın “Qızıl top”un təqdimat mərasimində iştirak etməmək qərarını şərh edib.

Arena.az alman futbolçunun bu barədə fikrini təqdim edir:

“Sənin oyunçunun mükafat qazanmadığı üçün “hörmətsizlik” ifadəsini işlətmək başqalarına hörmətsizlikdir. Bu, pisdir. Şübhəsiz, “Real”dan kimsə mükafata layiq idi. Amma yaxşı olan başqa böyük oyunçular da var. Beynəlxalq futbolda belə bir qarşılığın olmadığı daha ədalətsiz hallar da olub”, deyə alman futbolçu vurğulayıb.

Xatırladaq ki, “Qızıl top” əvvəlcədən təxmin edildiyi kimi, “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora deyil, “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib. “Real” məlumat sızıntısı nəticəsində bu xəbəri əvvəlcədən öyrənib və təqdimat mərasiminə qatılmayıb.

Bu ilin yayında Dortmund “Borussiya”sından azad agent kimi ayrılmış alman mərkəz müdafiəçisi Mats Hummels sentyabr ayında “Roma” ilə 1 illik müqavilə bağlayıb. O, “canavarlar”ın heyətində hələlik cəmi 1 oyun keçirib.

Mats Hummels Almaniya nəhəngi “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də 3 il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels daha öncə yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib.

Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.

Müdafiəçi uzun müddətdən sonra bu il yenidən “bundestim”ə çağırılıb, yığmanın yeni baş məşqçisi Yulian Nagelsman veteran müdafiəçiyə etimad göstərib. Amma son anda alman mütəxəssis Hummelsi ölkəsinin ev sahibliyi etdiyi AÇ-2024-dən kənarda saxlayıb.