“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının “Nyukasl”la 37-ci tur ev oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, sonuncu ev oyunumuzdur. Bu, azarkeşlərimizə təşəkkürümüzü bildirmək, Çempionlar Liqası üçün mövqeyimizi möhkəmləndirmək və ikinci yer urğunda mübarizəmiz üçün fürsətdir. Bizə bir yox, iki böyük çıxış gərəkdir və biz bunu “Nyukasl”a qarşı oyunla başlayırıq”, deyə Arteta vurğulayıb.
İspan mütəxəssis həmçinin “topçular”ın zədəli oyunçuları ilə bağlı vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirib:
“Onlar qismən məşq ediblər. Sabah onların tam yüklənməyə hazır olub-olmadıqları ilə bağlı qərar verəcəyik”, deyə Mikel Arteta bildirib.
Xatırladaq ki, “topçular”ın heyətində Deklan Rays, Leandro Trossard, Qabriel Martinelli və Yurrien Timber zədəlidirlər.
“Arsenal” – “Nyukasl” oyunu sabah, mayın 18-də keçiriləcək, hakim oyunu Bakı vaxtı ilə saat 19:30-da başladacaq.
36 turdan sonra “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 68 xalla 2-ci, “Nyukasl” isə 66 xalla 3-cü pilləsində qərarlaşıb.
Premyer Liqaya çempionluğu erkən surətdə təmin etmiş “Liverpul” 83 xalla başçılıq edir.


