Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 23-cü tur çərçivəsində səfərdə “Stromsqodset” klubu ilə üz-üzə gəlib.
İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. “Qarabağ”ın rəqibi 8-ci dəqiqədə məğlub duruma düşsə də, 39-cu dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb. Bu komandanın heyətində kapitan Maqnus Eykrem fərqlənib.
“Molde” bu mövsüm keçirdiyi 22 oyunda 41 xal qazanıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.
“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.


