Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nant” komandası 2026/2027-ci illər mövsümünü Liqa 2-də keçirəcək.
Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş bir oyundan sonra Liqa 1-i tərk edəcək ikinci komandanın adına aydınlıq gəlib.
“Nant” çempionatın 33-cü turunda “Lans”a 0:1 hesabı ilə uduzub. Bununla da sözügedən komandanın elitanı tərk edəcəyi dəqiqləşib. Bu kollektiv hazırda mövsümün bitməsinə 1 tur qalmış 23 xalla 17-cidir. Erik Blahiçin komandası 16-cı pillədəki “Oser”dən 5 xal geri qalır.
Xatırladaq ki, daha əvvəl “Mets”in Liqa 1-i tərk edəcəyi dəqiqləşmişdi. Sözügedən komanda 16 xalla sonuncudur. Elitanı tərk edəcək üçüncü kollektiv isə böyük ehtimalla “Oser” olacaq.
Yeri gəlmişkən, Fransa Liqa 1-də 67 xalla 2-ci pilləni təmin etmiş “Lans” növbəti mövsümdə UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək. “Qan-qızılılar” həmçinin ölkə çempionluğuna nəzəri imkanlarını saxlayırlar.
Xatırladaq ki, “Lans” Avropanın ən mötəbər klub yarışında sonuncu dəfə 2023/2024-cü illər mövsümündə çıxış edib.


