Neymar təxribata sürükləndi – “tərbiyəsini” göstərdi

“Əl-Hilal”ın braziliyalı superulduzu Neymar Asiya Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Navbahor”la oyunda (1:1) münaqişəyə düşüb.

Arena.az məlumat verir ki, oyun məqamlarının birində o, rəqib futbolçularından biri ilə xoşagəlməz rəftar edib.

“Navbahor”un oyunçusunu itələyərək yıxan braziliyalı futbolçu, üstəlik, topla ona zərbə də endirib. Hakimin gözü qarşısında nümayiş etdirdiyi bu “tərbiyəsi” sayəsində braziliyalı superulduz sarı vərəqəsini alıb. Ancaq etiraf etmək lazımdır ki, Neymar rəqib tərəfindən təxribata sürüklənərək müvafiq davranışa yol versə də, belə əməl braziliyalı superulduzun səviyyəsinə heç də yaraşmır.

“Əl-Hilal” isə favorit sayıldığı səfər oyununda qələbəni qoruya bilməyib. Meydan sahibləri 90+10-cu dəqiqədə bərabərlik qolunu vura biliblər.

Növbəti turda “Əl-Hilal” “Nəssaci Mazandaran”la qarşılaşacaq.

Xatırladaq ki, Neymar cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib və bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Braziliyalı superulduz geridə qalmış 2022/2023 mövsümündə mütəmadi oalraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionatını qazanıb.

“Əl-Hilal”a keçməsi ilə braziliyalı oyunçu uyğunlaşma və hazırllıq çərçivəsində məşqlər edərək, yüngül zədəsini müalicə etdirib. Cari mövsümdə Neymar “Əh-Hilal”ın heyətində 2 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 126 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: