Bilbao “Atletik”inin və İspaniya yığmasının vingeri Niko Uilyams İspaniya Kral Kubokunu qazandıqdan sonra duyğularını paylaşıb:
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında bunları söyləyib:
“Mən bu məqamı dəfələrlə xəyal etmişəm. Ötən il kubokun yarımfinalında vacib oyunda qol vurmaq üçün iki imkanım oldu, amma onlardan istifadə edə bilmədim. Finala çıxmaq ərəfəsində idik. Amma indi tarix yazmaqdan və klubda ad qoyduğumdan çox şadam. Bu qələbə azarkeşlər və mənim ailəm üçün xüsusidir”.
Xatırladaq ki, Niko Uilyamsın formasını geyindiyi “Atletik” bir neçə gün öncə İspaniya Kral Kubokunun finalında “Malyorka”nı üstələyərək 40 illik fasilədən sonra bu turnirin qalibi olub. Əsas və əlavə vaxtı 1:1 hesabıyla bitən görüşün penaltilər seriyasında bilbaolular daha dəqiq olublar – 4:2. Bununla da “Atletik” tarixində 24-cü dəfə İspaniya Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə bu mükafata 1983/1984 mövsümündə yiyələnmişdi. Klub bu turnirdə qələbə sayına görə yalnız “Barselona”dan (31) geri qalır.
Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.
Cari mövsümdə Uilyams Bilbao klubunun heyətində 30 oyuna çıxıb, 6 qol vurub, 14 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 115 oyun, 18 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 50 milyon avro məbləğində qiymətləndirir.


