Niko Uilyams gələcəyi ilə bağlı sualı cavabladı

İspaniya yığmasının və Bilbao “Atletik”inin vingeri Niko Uilyams uzun illər La Liqa təmsilçisindəki çıxışını davam etdirmək arzusundadır.

Arena.az xəbər verir ki, Niko, Avropanın aparıcı klublarının bu futbolçu ilə maraqlandığı şayiələr mənzərəsində karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablayıb.

Uilyamsın bu barədə cavabı belə olub:

““Atletik”də uzun illərim qalmaq istəyirəm. Çünki burada sakit və xoşbəxtəm. İspaniya Kral Kubokundakı qalibiyyəti qeyd etmək üçün Bilbaoya gəlməyi səbirsizliklə gözləyirəm.

Əsas komandada oynadığım digər uşaqlar – Adu Ares və Unai Qomes kimi, mən də yaxın vaxtlarda müqaviləmi yenilədim. Bütün basklar burada qalmaq istəyirlər. Bilirəm ki, onlar “Atletik”lə çox şeyə nail ola bilərlər. Mən burada çox şeyə nail olmaq istəyirəm”.

Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Cari mövsümdə Uilyams Bilbao klubunun heyətində 30 oyuna çıxıb, 6 qol vurub, 14 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 115 oyun, 18 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 50 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Niko Uilyamsın formasını geyindiyi “Atletik” bir neçə gün öncə İspaniya Kral Kubokunun finalında “Malyorka”nı üstələyərək 40 illik fasilədən sonra bu turnirin qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: