“Vilyarreal”ın sağ vingeri Nikolas Pepe futbol üzrə İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.
Kot-d’İvuar yığmasının üzvü səsvermədə Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“Real”), Pere Milla (“Espanyol”) və Niko Uilyams (“Atletik”) kimi oyunçuları üstələyib.
Pepe avqust ayında meydana çıxdığı 3 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Nikolas Pepe 2024-cü ilin yayında “Trabzonspor”dan azad agent kimi ayrılaraq “Vilyarreal”a keçmişdi. Onun İspaniya klubu ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Pepe “Vilyarreal”da indiyə qədər 38 oyuna çxıb, 5 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Pepe futbola “Paris Est” klubunda qədəm qoyub. Buradan “Puatye”yə yol tapan hücumçu böyük futbolda debüt edib. Pepe karyerası ərzində “Anje”, “Orlean”, “Lill”, “Arsenal”, “Nitsa” və “Trabzonspor”da çıxış edib.
Nikolas 2016-cı ilin noyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 49 oyun keçirib, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Pepenin qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku və İngiltərə Super Kuboku var. O, həmçinin Kot-d’İvuar yığması ilə Afrika Kubokunun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı ivuarlı vingerin trasnfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.


