Ömər Kosayev: “Baş məşqçinin bu qələbədə rolu böyük oldu”

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Ömər Kosayev Belarusa qarşı keçirdikləri yoxlama görüşünü şərh edib.

Arena.az xatırladır ki, U-16 millimiz ötən gün Binə stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama görüşü keçirib.

Qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kosayev bu oyunla bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Çətin oyun oldu. Xüsusən də, birinci hissə bizim üçün çətin keçdi. Ancaq fasilə ərəfəsində vurduğum qoldan sonra komanda daha inamlı oynamağa başladı. Baş məşqçimiz Aqil Nəbiyevin tapşırıqlarını meydanda reallaşdıraraq, qələbə qazanmağı bacardıq. Aqil müəllimin bu qələbədə rolu böyük oldu. Həm taktiki gedişləri, həm də kollektivlə motivasiyalı söhbətləri bizə əlavə güc qatdı. Nəticədə inamlı qələbə qazandıq”.

44-cü dəqiqədə hesabı açan 15 yaşlı hücumçu həmin epizodda rəqibin qapıçısından səhv gözlədiyini söyləyib:

“Oyundan əvvəl Belarus yığmasının qapıçısını təhlil etmişdik. Bilirdik ki, ancaq sağ ayağı ilə oynayır. Qol epizodunda isə qapıçının topu sol ayağına keçirdiyini görəndə üstünə qaçdım və topu ələ keçirərək qapıdan keçirdim”.

Ömər Kosayev mayın 11-də Belarusun U-16 komandasına qarşı keçiriləcək ikinci yoxlama görüşü barədə də fikirlərini bölüşüb:

“Belarusla ikinci oyunumuz da çətin olacaq. İlk matçdakı çıxışımızı sərgilməyə çalışacağıq. Ümid edirəm ki, həmin oyunda da qələbə qazanacağıq”.

Qeyd edək ki, mayın 11-də Binə stadionunda keçiriləcək Azərbaycan – Belarus qarşılaşması saat 17:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: