Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 10-cu turundan təxirə salınmış PSV-nin 2-ci komandası ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” rəqib meydanında baş tutan bu oyundan qələbə ilə ayrılıb. Futbolçumuzun komandası 4:3 hesablı çətin qələbəyə sevinib.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının qələbə qolunu da 81-ci dəqqədə millimizin yarımmüdafiəçisi vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb.
“Eyndhoven” cari mövsümdə qazandığı 20 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandasını zirvədən cəmi 3 xal ayırır.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 49 oyuna çıxıb, 10 qola imza atıb.


