Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 14-cü turu çərçivəsində keçirilmiş “Venlo” ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” doğma meydanda meydanında baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 3 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
“Eyndhoven” cari mövsümdə qazandığı 21 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 53 oyuna çıxıb, 10 qola imza atıb.


