“Partizan” “Sabah”la oyundan öncə inamlı qələbəyə sevindi

“Sabah”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan “Partizan” Serbiya Super Liqasında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Belqrad təmsilçisi ölkə çempionatının 2-ci turu çərçivəsində “Voyvodina”nın qonağı olub.

Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb – 2:0. Hesabı 47-ci dəqiqədə bu yay “Neftçi”ni Serbiya klubuna dəyişən Mateus Saldanya açıb. Digər qolu isə 74-cü dəqiqədə Kvensi Meniq vurub.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran paytaxt klubu dördüncü pilləyə yüksəlib. Bu komanda ilk turda da səfərdə TSC ilə qarşılaşmış və 3:3 hesablı heç-heçəyə razılaşmışdı. Yeri gəlmişkən, həmin oyunda da qonaqların qollarından birini Saldanya vurmuşdu.

Xatırladaq ki, “Sabah” ilə “Partizan” arasındakı ilk oyun avqustun 10-da Masazırda keçiriləcək. Cavab matçı isə bir həftə sonra Belqradda baş tutacaq. Hər iki oyuna saat 20:00-da start veriləcək.