“Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasında növbəti matçını keçirib. Arena.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin sonuncu turu çərçivəsində İsveçrədə “Bazel”in qonağı olub.
Hər iki komanda ötən turda pley-offa vəsiqəni təmin etmişdi. Bu matç isə qrupun liderini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyırdı. Ağdamlılar qrupu ilk pillədə tamamlamaq üçün mütləq qələbə qazanmalı idi. “Bazel”ə isə heç-heçə də sərf edirdi.
Azərbaycan təmsilçisi matça yaxşı başlayıb. Bunun məntiqi nəticəsi kimi elə 1-ci dəqiqədə Ağdam klubu hesabı açıb. Amma hakimlər Abdullah Zubirin zərbəsindən sonra topun qapı xəttini keçməsini görməzdən gəliblər və təmiz qol hesaba alınmayıb. Əvəzində ilk yarım saat bitəndən az sonra meydan sahibləri hesabı açıblar. Qalan dəqiqələrdə daha iki qol vuran “Bazel” qələbəyə sevinib.
Qrupun digər matçında Kiprin “Omoniya” komandası doğma meydanda Qazaxıstan “Kayrat”ının müqavimətini qırmağa çalışıb. Amma bu görüşdə hesab açılmayıb.
Avropa Konfrans Liqası
H qrupu
9 dekabr
Bazel – Qarabağ 3:0
Qol: A.Kabral, 33; 74. P.Kasami, 62.
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Bazel. “Sankt Yakob Park” stadionu.
Bazel: 1. Haynts Lindner, 6. Nasser Djiqa, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Stokker, 20. Fabian Frey, 22. Serxio Lopes, 23. Vuter Burger, 28. Raul Petretta, 35. Matias Palasios, 99. Edon Jeqrova.
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 4. Eray Cömert, 5. Mixael Lanq, 8. Yordi Kintilla, 9. Sebastiano Espozito, 17. Liam Millar, 19. Darian Males, 27. Dan Ndoye, 30. Tomas Tavares, 40. Liam Çipperfild, 96. Joelson.
Baş məşqçi: Patrik Rahmen.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Xal durumu: Bazel – 14, Qarabağ – 11, Omoniya – 4, Kayrat – 2.


