“Qarabağ”ın rəqiblərindən biri qalib gəldi, digəri uduzdu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri – “Molde” və “Hakken” bu gün növbəti çempionat oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, “Molde” Norveç çempionatının 21-ci turu çərçivəsində “Hauqesun”un qonağı olub.

Sözügedən komanda səfərdən 2:1 hesablı qələbə ilə dönüb. 7-ci dəqiqədə Veton Berişanın qoluna sevinən qonaq komanda 69-cu dəqiqədə Maqnus Eikremlə hesab arasındakı fərqi daha da artırıb. Meydan sahiblərinin 82-ci dəqiqədə vurduğu qol təsəllidən başqa bir işə yaramayıb. Ağdam klubunun rəqibi hazırda turnir cədvəlində 37 xalla 4-cü pillədə qərarlaşıb.

“Hakken” isiə İsveç çempionatının 22-ci turu çərçivəsində “Degerfors”un qonağı olub və 0:1 hesabıyla uduzub. Sözügedən komanda 61-ci dəqiqədə buraxdığı yeganə qolun əvəzini çıxa bilməyib.

Bu mövsüm keçirdiyi 22 oyunda 44 xal toplamış “Hakken” hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Elfsborq”dan 4 xal geri qalır.

Xatırladaq ki, “Qarabağ”ın Avropa Liqasının H qrupundakı digər rəqib “Bayer”dir. Sözügedən komanda Almaniya Bundesliqasında bu mövsüm keçirdiyi hər üç oyundan qalib ayrılıb və 9 xalla zirvədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: