Rafinya: “Nə istədiyimə yüz faiz əmin idim”

Futbol üzrə Braziliya milli komandasının və “Barselona”nın cinah hücumçusu Rafinya cari idman forması haqda söhbət açıb.

Arena.az braziliyalı ulduzun müvafiq fikrini təqdim edir:

“Mən hələ də 90 dəqiqə oynaya bilirəm, amma mənə ayrılmış dəqiqələr ərzində güc-qüvvə və bacarığımı ortaya tam qoymağa çalışıram”.

Xatırladaq ki, braziliyalı futbolçu zədədən bərpa olaraq, sıraya yenicə qayıdıb.

Rafinya Kataloniya klubu və “Çelsi” arasındakı seçimi ilə bağlı sualı da cavablayıb:

“Nə istədiyimə yüz faiz əmin idim. Planım ondan ibarət idi ki, “Barsa”nın futbol köynəyini daşımağımla bağlı arzumu həyata keçirim və məhz buna görə də “Barselona”nı seçdim. Budur, buna görə mən buradayam”.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 10 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 154 oyun, 57 qol və 54 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.