Rodri: “O, Premyer Liqaının və Avropanın ən yaxşılarından biridir”

“Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri “şəhərlilər”in ingilis vingeri Fil Fodenin futbol bacarığını yüksək qiymətləndirib.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Məncə, onun keyfiyyətləri ona tarixin ən yaxşı ingilis futbolçusu olmağa kömək edə bilər. O, bacarıqlarını inkişaf etdirməyə davam etməlidir, amma o, artıq İngiltərə çempionatının və Avropanın ən yaxşı oyunçularından biridir. Bununla belə, düşünürəm ki, o, daha da yaxşılaşa bilər”.

Rodri kimləri ən böyük futbolçu saymasından da danışıb. İspan yarımmüdafiəçidən bütün zamanların ən yaxşı futbolçusunun kim olması barədə fikrini bildirməsi istənilib və Kristiano Ronaldo ilə Lionel Messi seçimi təqdim edilib. Rodri isə “şəhərlilər”in heyətində komanda yoldaşı, belçikalı yarımmüdafiəçi Kevin De Bröynenin adını çəkib.

Xatırladaq ki, Fil Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin Mançester klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 27 qol vurub, 12 məhsuldar ötürmə verib.

Cari mövsümdə Foden “Mançester Siti”in heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 1 oyun keçirib.

Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 271 oyun, 87 qol, 53 məhsuldar ötürmə.

Foden “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku yarışlarında qalib olub.

Fil Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 41 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis sağ vinger Filip Fodenin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: