“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri ötən mövsüm üçün “Qızıl top”a namizədlər siyahısında yer almasını şərh edib.
Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən çox fəxr edirəm. Gəlin, görək nə baş verəcək. Bu, mənim nəzarətim xaricindədir. Nə olursa olsun, mən bunu qəbul edəcəyəm və minnətdar olacağam, çünki namizəd iddiaçılar arasında mən də varam – və bu, artıq arzu və tərifdir.
Dayaq yarımmüdafiəçiləri bazar tacirlərinin və futbol azarkeşlərinin xoşladığı bir xüsus deyil. Onlar qolları və məhsuldar ötürmələri sevirlər. Bu səbəbdən müvafiq mükafatlar hücumameylli oyunçulara, cinah hücumçularına və ya yarımmüdafiəçilərə verilir”, deyə yarımmüdafiəçi bildirib.
Rodri Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Rodrinin “şəhərlilər” üçün siftəsi hələ baş tutmayıb.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.


