Ronaldo: “Qızıl top” Lionel Messiyə verilməlidir”

Əfsanəvi braziliyalı hücumçu Ronaldo bildirib ki, 2022/2023 mövsümü üçün “Qızıl top”u argentinalı superulduz Lionel Messi qazanmalıdır.

Arena.az bu barədə jurnalist-insayder Fabrizio Romanoya istinadən məlumat verir:

“Qızıl top” şübhəsiz ki, Lionel Messiyə verilməlidir. Başqa yol yoxdur. Onun 2022-ci il dünya çempionatında etdikləri xüsusi idi. Bu, mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çıxışlarını xatırlatdı”, deyə Ronaldo bildirib.

Daha əvvəl məlum olmuşdu ki, Messiyə mövsümün sonunda “Qızıl top”u qazanacağı barədə əvvəlcədən deyilib. Hücumçuya sadəcə olaraq rəsmi mükafatlandırma mərasimini gözləmək və karyerasında səkkizinci olacaq qəniməti almaq qalır.

Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da keçiriləcək.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.