Roy Kin və Qari Nevill MY-nin cari heyətini tənqid etdilər

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Roy Kin “qırmızı şeytanlar”ın cari heyətini tənqid edib.

Arena.az irland mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Əgər “Mançester Yunayted”ə baxsaq, nəyə diqqət yetirməliyik? Onlar nədə həqiqətən yaxşıdırlar? Onların dünya səviyyəli hücumçuları yoxdur, möhkəm özəyə malik deyillər, atletik deyillər. Mən onların nədə yaxşı olduqlarını bilmirəm. Onlar heç nədə yaxşı deyillər. Onların bir neçə ala-babat oyunçusu var, ancaq yarış cədvəli yalan danışmır”, deyə Roy Kin vurğulayıb.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda isə futbol təhlilçisi olaraq çalışan Qari Nevill də “qırmızı şeytanlar”ın cari heyətini tənqid edib. İngilis mütəxəssis bunları söyləyib:

“Bu, həqiqətən də çıxılmaz vəziyyətdir, çünki heyət keyfiyyət etibarı ilə bu qədər bərbaddır. Onların köhnə oyunçuları var, hələ öz səviyyələrinə çatmamış gənc oyunlara da malikdirlər. Bu, həyəcanlı vəziyyətdir”, deyə Nevill vurğulayıb.

Qari Nevill “qırmızı şeytanlar”ın cari oyun sistemində də fəsad gördüyünü açıqlayıb:

“Oyun sistetmi – bir fəsaddır. Mən bu sualı arıq iki aya yaxındır verirəm: əsl cinah müdafiəçiləri kimlərdir? İrəli yaxşı gedən, böyük güc-qüvvəyə sahib olan və arxa xətdə kifayət qədər yaxşı fəaliyyət göstərən oyunçular. Bu oyunçular kimlərdir?

Onun, (“Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorim – redaktorun qeydi) hücumçunun arxasında yerləşdirdiyi iki oyunçu kimdir? Onlara mərkəz hücumçusu gərəkdir, hücum xəttini başa düşə biləcək hücumçu…”, deyə Nevill vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə keçirdiyi 32 oyunda 38 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: