Sərxan Hacıyev Daşkənddəki seminardan danışdı

AFFA-nın baş katibi Sərxan Hacıyev və baş katibin müavini Kamran Vəliyev Özbəkistanda FIFA-nın təşkil etdiyi seminara qatılıblar.

Arena.az xəbər verir ki, paytaxt Daşkənddə FIFA-nın Avropa və Mərkəzi Asiya üzrə üzv assosiasiyaları arasında keçirdiyi əməkdaşlıq və bilik mübadiləsi seminarı ötən gün başa çatıb.

Bundan əlavə, FIFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib. Futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib. Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.

Baş katib Sərxan Hacıyev seminarla bağlı AFFA-nın rəsmi saytına açıqlama verib:

“Bu tədbir onunla xüsusidir ki, Avropa və Asiya federasiyaları burada iştirak edir. İki müxtəlif kontinent təcrübələrini bir-biriləri ilə bölüşürlər. Birmənalı şəkildə demək olar ki, bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq. AFFA adından FIFA-ya, Özbəkistan Futbol Federasiyasına minnətdarlığımı bildirirəm. Federasiya olaraq öz tərəfimizdən infrastruktur layihələri ilə bağlı təcrübələrimizi bölüşdük. Həmçinin, digər federasiyalardan müəyyən təcrübə topladıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: