Serjio Konseysao “Milan”dan göndərildi

A Seriyasında uğursuz mövsüm keçirmiş İtaliyanın “Milan” komandasının baş məşqçisi Serjio Konseysao istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqal mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Konseysaoya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Onu da qeyd edək ki, “Milan”ın yeni baş məşqçisinin Massimiliano Alleqri olacağı barədə xəbərlər yayılıb. Hətta klub rəhbərliyinin keçmiş baş məşqçi ilə bütün məsələlərdə razılığa gəldiyi və bu təyinatın ən qısa zamanda açıqlanacağı bildirilir.

Xatırladaq ki, Serjio Konseysao 2024-cü ilin dekabr ayının 30-da “Milan”ın sükanı arxasına gətirilmişdi. 50 yaşlı portuqal mütəxəssis həmvətəni Paulo Fonsekadan “miras” qalmış “rossoneri”ni qəbul etmişdi. “Milan” Portuqaliya nəhəngi “Portu” ilə möhtəzəm uğurlara müvəffəq olmuş Konseysao ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Çalışdrıdığı müddətdə Konseysao “Milan”ı 31 oyuna çıxarıb, 16 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət yaşayıb.

Konseysao “Milan”a 2024/2025-ci illər mövsümündə İtaliya Kubokunu qazandırıb. Amma buna rəğmən, “rossoneri”nin portuqal mütəxəssislə Çempionlar Liqasındakı macərası uğursuzluğa düçar olub. “Milan” yarışın 1/16 mərhələsində “Feyenoord”a məğlub olaraq (səfərdə 0:1; evdə 1:1) mötəbər yarışda mübarizəsinə xitam verib. Komandanın A Seriyasındakı çıxışı da uğursuz alınıb. “Milan” 38 oyunda topladığı 63 xalla mövsümü 8-ci pillədə başa vurub. Komanda 18 qələbə qazandığı halda, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: