“Mançester Yunayted”in baş məşqçisinin artıq sabiq köməkçisi Stiv Maklaren Yamayka yığmasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə Yamayka Futbol Federasiyasının (JFF) rəsmi saytına istinadən məlumat verir.
İngilis mütəxəssis Yamayka yığması ilə 2 illik müqavilə imzalayıb. Maklarenin qarşısına Yamayka yığmasını 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatına çıxarmaq tapşırığı qoyulub.
Xatırladaq ki, Stiv Maklaren 2022-ci ildən “Mançester Yunayted”də baş məşqçinin köməkçisi vəzifəsində çalışırdı. Geridə qalmış 2023/2024-cü illər mövsümündə Maklaren “Mançester Yunayted”lə İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku və Çempionlar Liqasında uğursuzluğa düçar olsa da, İngiltərə Kubokunun finalında əzəli rəqibi “Mançester Siti” üzəridə 2:1 hesablı qələbəyə töhfəsini verib.
Maklaren məşqçiliyə 2001-ci ildə “Midlsbro”da başlayıb və 2006-ya kimi bu komandaya rəhbərlik edib. 63 yaşlı mütəxəssis vaxtilə İngiltərə millisini də çalışdırıb (2006-2007). O, karyerası ərzində “Tvente”, “Volfsburq”, “Nottingem Forest”, “Derbi Kaunti”, “Nyukasl Yunayted”, KPR kimi klublarda da baş məşqçi olub.


