Tokio-2020: Elçin Əsədov finişə çata bilmədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında velosiped yarışlarına start verilib. Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın təmsilçisi Elçin Əsədov da qüvvəsini sınayıb.

Velosipedin şosse növündə yarışan idmançımız finişə çata bilməyib. Ümumilikdə 234 km məsafə qət etməli olan Əsədov sona 127 km qalmışadək liderlər qrupunda olsa da, sonda finiş xəttinə çata bilməyib. 34 yaşlı idmançımız sona 108 km qalmış yıxılıb və mübarizəni dayandırıb.

Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu, Kəramət Hüseynov ilə Aişə Qurbanlı və güllə atıcısı Ruslan Lunyov Tokio-2020-də mübarizəni dayandırıb.

Bu gün start götürmüş Tokio-2020 avqustun 8-nə qədər davam edəcək.